İngiltərədə Liqa kuboku həyəcanı yaşanır. 1/8 final paytaxt derbisi ilə əlamətdar olub. Londonda “Tottenhem” və “Çelsi” komandaları üz-üzə gəlib. Transferlərə böyük məbləğdə pul xərcləsələr də premyer liqaya uğursuz start verən “zadəganlar” Liqa Kuboku uğrunda yarışda da mübarizəni dayandırıblar. Ilk 1/4 finalçının adına penalti seriyasından sonra aydınlıq gəlib.
İngiltərə Liqa Kubokunun 1/8 finalında London derbisi olub. “Tottenhem” öz meydanında “Çelsi” ilə görüşüb. Qonaqlar 19-cu dəqiqədə önə keçiblər. “Zadəganlar”ın hücumçusu Timo Verner yeni komandasında qol hesabını açıb. İlk hissə elə bu nəticəylə yekunlaşıb. Fasilədən sonra isə hesab bərabərləşib. “Tottenhem” futbolçularının hücumları vaxtın bitməsinə 7 dəqiqə qalmış bəhrəsini verib. Erik Lamela qapını yaxın məsafədən dəqiq nişan alaraq “mahmızlar”ın növbəti mərhələyə çıxmaq imkanlarını qoruyub. Beləliklə 90 dəqiqə 1:1 hesabilə yekunlaşıb. Reqlamentə əsasən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. “Çelsi”nin heyətində Meyson Mauntun 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməməsi “Tottenhem”i 1/4 finala çıxmasına şərait yaradıb.